+99455

+994

Artıq müəyyən bir biliklərə yiyələnmisiniz və və rəhbərliyin etimadını işini bilən bir şəxs kimi qazanmısınız. Bu özlüyündə bir nailiyyətdir. Təbriklər, siz artıq menecersiniz. Bəs bundan sonrası necə olacaq? Nə etməliyik ki, karyeramızda olan inkişaf pillələrini uğurla qalxmağa davam edək? Menecer kimi də eyni uğurları təkrarlaya biləcəyikmi? Qarşımızda daha çox işlər var: komanda ilə işləmək, daha çox məsuliyyət, mühim qərarlar vermək, kritik vəziyyətlərdə qərar vermək, yeni layihələr və onları uğurla başa çatdırmaq, cavabdeh şəxs olmaq və s. Bütün bu sadalananlar menecerlik fəaliyyətinizdə önəmli nöqtələrdir. Bunları düşündükcə həm həyəcanlanır, həvəslənir, həm də müəyyən qədər içinizdə narahatlıq yaranır. Bir çox insanlara bu mərhələni aşmaq çətin görünür. Amma cəsarətli olmalı və özünüzə inanmalısınız. Çünki özünüzdən yuxarıda gördüyünüz top menecerlər, o uğurlu insanlar hər biri bu mərhələni keçiblər. İndi isə növbə sizə çatmışdır.

Dostlar, aşağıda önəmli bir nüans haqqında danışacağam. Təcrübəyə əsasən bir çox peşəkarların menecerlik fəaliyyətinin ilk illərində yaşadığı əsas problemdir.

İşlərin ötürülməsi: Bundan öncə siz ancaq özünüzə görə məsuliyyət daşıyırdınız və sizin uğurlu olmağınız öz işlərinizi necə yerinə yetirməyinizdən asılı idi. Sizə tapşırılan işləri vaxtında və düzgün şəkildə ica etməyi öyrənmisiniz. Menecer kimi də sizə vəzifənizə uyğun işlər tapşırılmağa davam edəcək. Adətə uyğun olaraq bir çox insanlar bu işləri əvvəllki kimi icra etməyə başlayır. Bütün işlərin öhdəsindən tək gəlməyə çalışır. Poblem də elə buradan başlayır. Siz komandaya yox, özünüzə güvənirsiniz və düşünürsünüz ki, hər şeyi özüm edim ki, doğru olsun. Nəticədə isə bir sıra problemlərlə qarşılaşırsınız:

  1. Bir müddət sonra ciddi şəkildə iş yükünüz yaranır və işləri iş vaxtı ərzində yerinə yetirə bilmirsiniz.
  2. İş yükünüz çox olduğuna görə menecer kimi strateji məsələlərə fokuslana bilmirsiniz.
  3. İşçiləriniz passivləşir və inkişaf etmirlər.
  4. İş və şəxsi həyat balansınız pozulur.
  5. Uğursuzluq

Təbii ki, yuxarıda göstərdilənlərdən fərqli problemlər də yaşana bilər. Bəs nə etməli?

İlk növbədə işləri komandanıza ötürməyi öyrənməlisiniz. Bunun üçün işlərinizi önəmlilik dərəcəsinə görə sıralamaq və ötürməli olduğunuz işləri müəyyən etmək lazımdır. İşləri sıralayarkən iki amili nəzərə alınmalıdır. 1- İşin önəmliliyi; 2-İşin təcililiyi. Yaxşı olar ki, ilk vaxtda daha az əhəmiyyəti və təcili olmayan işləri işçilərinizə ötürəsiniz. Bu şəkildə siz işçinin işi görərkən yol verdiyi nöqsanların riskini də azaldırsınız. Lakin nəzərə almalıyıq ki, getdikcə işçiləriniz inkişaf edəcək və siz onlara daha önəmli və təcili işləri ötürə biləcəksiniz. İlk vaxtlarda böyük ehtimalla müəyyən bir işi özünüz gördüyünüz zaman sərf etdiyiniz vaxt, işi işçiyə ötürərkən başa salmaq və ona dəstək verməyə sərf etdiyiniz vaxtdan daha az olacaqdır. Bu zaman “ən yaxşısı özüm edim” deyib keçmək yanlışdır.

İkinci məsələ budur ki, işləri ötürərkən işçilərinizi yaxşı tanımalısınız. Hansı işçiyə hansı işi ötürmək çox önəmlidir. “filankəs boşdur, o etsin” yanlışdır. Kim daha yaxşı edərsə o etsin. Bu minvalla işçilərinizi də özlərinə uyğun işlərdə peşəkarlaşdırmış olacaqsınız.

Sonuncu bir məqamı da deyib fikrimi yekunlaşdıracağam. İş tapşırarkən işçilərə güvənməli, lakin nəzarəti də yaddan çıxarmamalıyıq.  Nəzarət etmək güvənsizlikdən irəli gəlmir. Bunu hər bir menecer yaxşı anlamalı və komandasına da doğru şəkildə anlatmalıdır. Nəzarətlə siz işin ötürülməsi zamanı kommunikasiyada yaranmış problemləri aradan qaldırır (işçinin işi doğru anlamaması), işin yanlış icrasını vaxtında aşkarlayır, işçiyə lazım olan dəstəyi vaxtında verir, qoyulmuş vaxt çərçivəsində icra olunmasını təmin edirsiniz.

Hələlik bu qədər, dostlar. Unutmayaq ki, menecerlik də bir peşədir. Zaman keçdikcə, öz üzərinizdə işləyərək daha da güclənəcəksiniz.

 

Müəllif: Dəyanət Ağayev