+99455

+994

Şirkətlərin və bizneslərin dəyişiklikləri həyata keçirməsində, yeniliklərə daha çox uyğunlaşa bilməsində, yeni məhsul və xidmətlərin yaradılmasında uğurun ən böyük səbəblərindən biri layihələrin düzgün idarə olunmasıdır.

Təbii ki,  həcmindən və müddətindən asılı olmayaraq layihələrin effektiv idarə edilməsi hər bir şirkət üçün vacibdir. Məhdud resurslar ilə hədəflərə daha tez çatmaq üçün planlaşdırma və icraya sistemli yanaşmaq tələb olunur. Aydındır ki, hər bir şirkətdə layihələrin icrasına birbaşa layihə menecerləri deyil, müxtəlif funksiyalar üzrə çalışan şəxslər də cəlb olunurlar. Əvvəlki təcrübələrdə bu əməkdaşlar bunu o qədər də hiss etmirdilər. Şirkət və təşkilatlar Agile mühitinə transformasiya olduğu bir mühitdə faktiki olaraq komanda üzvlərinin hər biri layihə idarə edilməsində onunla bağlı məsuliyyəti bərabər bölüşməyə başlayırlar. Odur ki, ənənəvi layihə meneceri obrazı artıq daha çox qulluqçu lider obrazına dəyişir və onun ənənəvi funksiyaları ilə yanaşı, onun yeni öhdəlikləri də yaranır. O artıq tapşırıqların icrasına nəzarət edən şəxs olmur, daha çox komandanı istiqamətləndirən, kouçluq edən, insanları qurulmuş vizyona inandıran, mentorluq edən, ortaya çıxan maneələri özü birbaşa həll etməyə can atan şəxsə çevrilir. Məsuliyyət paylaşıldıqca da komanda üzvləri istər maraqlı tərəflərin tələblərinin müəyyən edilməsində, istər problemlərin həllində, istər dəyişikliklərin edilməsində, istərsə komanda daxili işlərin bölgüsündə verilən qərarların icrasında birbaşa iştirak edirlər. Bu mühit də hər bir kəsin layihə idarəedilməsinə rolunu daha yaxşı başa düşməyə imkan verir və bunun nəticəsidir ki, bir çox insan layihə idarəedilməsi bacarıqlarına yiyələnməyə maraq göstərir.

Covid-19 pandemiyası və ümumilikdə dünyada texnoloji baxımdan baş verən hadisələrin məntiqi ardıcıllığı olaraq layihə idarəetməsi sahəsi daha da sürətlə çevikləşir. Öncəki abzasda qeyd etdiklərimizə əlavə olaraq qeyd edək ki, ənənəvi, yəni öncədən planlaşdırılan yanaşma artıq paralel olaraq uyğunlaşan, agile prinsiplərlə birgə inkişaf edir. Belə bir məqamda layihə təşəbbüsü uzun perspektivdə irəli sürülsə də, işin gedişatı zamanı ona vaxtında və düzgün müdaxilələr nəticəsində yeni istiqamətlər vermək, büdcə və vaxta, görüləcək işlərə mütəmadi nəzər yetirərək, daha effektiv yollar seçmək, layihə idarəetməsində şəffaf kommunikasiya və iş mühiti qurmağa şərait yaranır. Amma əlbəttə bu qətiyyən planlaşdırmanın əhəmiyyətini azaltmır, əksinə mütəmadi daha dəqiq planlaşdırmalar etməklə resurslara və vaxta qənaət edilə bilinməsi, ən əsası gözlənilən nəticəyə çatıla bilməsi üçün daha çox imkan yaradır. Bu gün həyatımızı əhatə edən texnologiyalar, mobil tətbiqlər, alış-veriş etdiyimiz saytlar məhz bu prinsip ilə hər gün inkişaf edir və bizim daha çox ehtiyaclarımızı qarşılayırlar. Bunu həm beynəlxalq, həm də yerli bazarda istifadə etdiyimiz məhsul və xidmətlərdə görürük.

Demək ki, ölkəmizdə də xüsusən də dijitallaşma istiqamətində, həmçinin yeni həllərin tapılmasında, bizneslərin qurulmasında məhz bu cür yanaşmalar uğur üçün əsas faktorlar olacaq.

 

Müəllif: İlham Əli Yusif